Azərbaycan müharibəyə sivilləri düşünmədən hazırlaşıb

30 ildir müharibəyə hassas olan və ya başlamaq üçün çalışan ölkə aşağıdakı məsələləri həll etməli idi:

1. Həyacan sistemlərinin quraşdırılması

Misal üçün, heç bir müharibə təhlükəsi olmayan Çexiyada hər ay bu cür siqnal əhalini psixoloji olaraq təhlükəyə hazır tutmaq üçün verilir.

Əgər bu cür siqnal sistemi Gəncədə və digər yerlərdə quraşdırılsaydı, insan itkiləri də az olardı. Qarabağdan Gəncəyə atılan raket orta hesabla 5-15 dəqiqə yol qət edir. Bizim radar sistemləri bunu görür və bu vaxt kifayət edir ki, insanlar yuxudan ayılıb təhlükəsiz yerlərə qaça bilsin.

2. Təhlükəsiz sığınacaqlar

Ölkə üzrə zirzəmilərin vəziyyətini görmüşük. Bu zirzəmilərdə qalan insan hansısa xəstəliyə yoluxa bilər. Halbuki dövlət zirzəmiləri təmir edib bərkitsəydi xeyli insan həyacan siqnalından sonra ora sığına və sağ qala bilərdi.

3. Psixoloji hazırlıq və tibbi yardım

Həyacan anında özünü idarə etmək və toparlanmaq vacibdir. Həmçinin sadə ilkin tibbi yardımı bilmək işə yarayır. Ancaq məktəblərin əksəriyyətində bunu öyrətmirlər. Televiziyada bu yöndə çox az və zəif təbliğat gedir. Bu da insanların həyacan anında davranışlarına mənfi təsir edir. Ətrafdakı yaralı şəxslərə ilkin tibbi yardım imkanlarını məhdudlaşdırır.

4. Çarəsiz vəziyyətə düşənlərə münasibət

İlk Qarabağ müharibəsində məcburi köçkünlər vardı. Dövlətin səriştəsiz fəaliyyətinə görə köçkünlər başqalarına aid evləri zəbt etmiş, bəzi qidaları oğurlamışdılar. Bütün bunlar vətəndaşlar arasında konfliktə, köçkünlərə qarşı qəzəbə səbəb olmuşdu. Hansıki, köçkünlər bunu məcburiyyətdən edirdi.

Daha sonralar bu cür konfliktlər köçkünlər barədə aşağlayıcı deyimlərə səbəb oldu. Misal üçün, Sumqayıtda “O nədir ki, hər padyezdə var? Cavabı: Qubaddılı” adlı aşağlayıcı zarafat var. Bəzən tanışlar arasında zarafatyana özüm də demişəm. Amma heç də hər zaman məhdud çevrədə və xoş məqsədlə deyilmir. Bunu pablik, aşağlayıcı şəkildə yazanlar daha çoxdur.

Digər aşağlayıcı ifadələr də var ki, bura yazmağı düzgün saymıram. Bu cür ifadələrə görə çoxlu məcburi köçkün ağır sarsıntılar keçirib. Hətta intihar edən insanlar da görmüşəm.

Dövlət aparatının bu tip konfliktləri həll etmək, köçkünlərə qarşı münasibəti dəyişdirmək üçün kifayət qədər vaxtı olub. Amma bu yöndə real iş görməmişik. Bu da hazırkı durumda insanların davranışına təsir edir.

Həmçinin müharibə əlillərinə və köçkünlərə qarşı “dilənçi”, “yazıq” tərzində münasibət də onlara qarşı aşağlayıcı münasibətdir və çox adam bunu başa düşmür.

Yuxarıdakı problemlər uzun zaman mövzusudur. Amma elə mövzular var ki, bunu qısa zamanda da həll etmək olardı.

Azərbaycan 6 aydan çox idi ki, müharibəyə aydın şəkildə hazırlaşırdı. Amma bu hazırlıqlar arasında da təəssüf ki, insanların təhlükəsizliyi mövzusu olmayıb.

Misal üçün,

• Uşaqların bombalanan ərazilərdən uzaqlaşdırılması.

• Çadır şəhərciklərin qurulması.

Ən çox da qarşıdan gələn qış soyuğundan dolayı narahatam. Məndə olan məlumata görə 3 mindən çox ailə ya evindən çıxıb, ya da evi dağıdılıb. Nə cəmiyyət, nə də dövlət bu yükü qarşılaya bilmir.

Amma Gəncə 3 dəfə bombalansa da, biz dövlətin yetərli addımlarını görə bilmədik. Çox az təşəbbüs var.

Bütün bunlar isə göstərir ki, Azərbaycan müharibəyə yalnız silah və nifrət gücünə hazırlaşıb. Vətəndaşların təhlükəsizliyi üçün isə ən elementar işlər belə görülməyib.

Gəlib yenə “Bəs Ermənistanın heç günahı yoxdur?”, “Niyə belə vaxtda bu cür şeylər yazırsan?” yazanlar olacaq. Özünüzü yormayın, müharibə uşaq oyunu deyil. Müharibəni ağzı köpüklənə köpüklənə istəyənlər, buyursun bu problemləri də həll etsin. Hansısa torpaq bu insanların həyatından, əsəblərindən vacib deyil.

Yorum bırakın